“Bu yaşda seçkiyə qatılmaq əvəzinə, memuar yazsa yaxşıdır”
Bakı. Real Cəfərli – APA. “Əliəkbər Haşimi Rəfsəncani ölkəni idarə edə bilməz”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran parlamentinin deputatı Məhəmməd Dehqan bildirib.
Onun sözlərinə görə, H. Rəfsəncani ölkəni idarə etmək üçün çox yaşlıdır: “Düzdür, hazırda İran Konstitusiyasına Nəzarət Şurası (Şura-ye Negəhban) prezidentliyə namizəd kimi qeydiyyatdan keçmiş şəxslərin seçkiyə buraxılıb-buraxılmaması məsələsini araşdırır. Ancaq hesab edirəm ki, H. Rəfsəncani prezident seçkilərinə qatılmasaydı, daha yaxşı olardı. Çünki prezident enerjili olmalıdır. Ona görə də H. Rəfsəncani bu yaşında seçki marafonuna qatılmaq əvəzinə, ölkəyə necə xidmət etməsi ilə bağlı memuar yazsa, daha yaxşı olardı”.
M. Dehqan deyib ki, İran xalqının yeni nəfəsə ehtiyacı var: “Yeni nəfəs də yeni insanlarla mümkündür. İran xalqı 20 il əvvələ qayıtmaz. İran xalqı nə H. Rəfsəncani, nə M. Xatəmi, nə də M. Əhmədinejadın prezidentliyi dövrlərinə qayıtmaz”.
İranlı deputat, həmçinin vurğulayıb ki, prezident M. Əhmədinejadın İsfəndiyar Rəhim Məşayi ilə birlikdə İran Daxili İşlər Nazirliyinin Seçki Qərargahına getməsi onun xeyrinə deyil.
Qeyd edək ki H. Rəfsəncani və İ. Məşayi mayın 11-də bu il iyunun 14-də keçiriləcək seçkilərdə iştirak etmək üçün İran prezidentliyinə namizəd kimi qeydiyyata alınması üçün Daxili İşlər Nazirliyinin Seçki Qərargahına ərizə ilə müraciət ediblər. İran prezidenti M. Əhmədinejadın İ. Məşayi ilə birgə olması və onunla əl-ələ tutaraq qələbə işarəsi nümayiş etdirməsi ölkədə ciddi narazılığa səbəb olub.