Bakı-APA. İraqda silahlıların törətdiyi bir neçə hücum nəticəsində 8 nəfər ölüb. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, insidentlər ölkənin şimalında baş verib. Belə ki, Kərkük şəhərinin yaxınlığındakı nəzarət-buraxılış məntəqəsinə törədilmiş hücum nəticəsində 5 hərbçi həlak olub. Mosul şəhərinin yaxınlığında yolun kənarında minanın partlaması nəticəsində 2 zabit ölüb. Mosulda həmçinin baş vermiş atışma nəticəsində daha 1 nəfər ölüb.
Qeyd edək ki 2008-ci ildən bu günədək iyul İraq üçün ən qanlı ay olub. Belə ki yalnız iyul ayında ölənlərin sayı 1000 nəfərdən çox olub. 2013-cü ilin əvvəlindən bu günədək isə 4137 nəfər ölüb, 9800 nəfərdən çox insan isə yaralanıb.