Bakı-APA. İraqda ötən gün törədilmiş iki partlayış nəticəsində 8 nəfər ölüb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, Lətifiyə şəhərində partladıcı quraşdırılmış avtomobilin partlaması nəticəsində 4 iraqlı həlak olub və 30 nəfər yaralanıb. Ölənlərin sayının artacağı istisna olunmur, çünki yaralıların çoxu xəstəxanalara kritik vəziyyətdə çatdırılıb.
Daha bir partlayış Ənbər vilayətinin inzibati mərkəzi Ramadi şəhərində idman klubu yaxınlığında törədilib. Nəticədə 4 nəfər ölüb 13 nəfər isə yaralanıb.
Bundan başqa, terrorçu-kamikadze partladıcı quraşdırılmış avtomobillə Mosul şəhəri yaxınlığında ordu birləşməsinə hücum edib. Hərbçilər arasında yaralıların olduğu bildirilir, lakin onların dəqiq sayı göstərilmir.
Qeyd edək ki, mayın 17-də 60-dan çox adam terror aktlarının qurbanı olub, onlarla insan yaralanıb.