Bakı-APA. İki həftə əvvəl İordan çayının Qərb sahilində itkin düşən 3 israilli gəncin meyiti Xevron şəhəri yaxınlığında, çalada aşkarlanıb. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail ordusunun nümayəndəsi bildirib.
İsrail ordusu Xevron şəhəri yaxınlığında yerləşən Fələstinin Halhul şəhərini mühasirəyə alıb. Məlumata görə, sonuncu dəfə gəncləri məhz bu şəhərin yaxınlığında görüblər.
Ehtimallara görə, Kfar Etsion yaşayış məntəqəsindəki dini məktəbin şagirdləri olan Eyal İfrah (19 yaş), Gilad Şayer (16 yaş) və Naftali Frenkel (16 yaş) Xevron dağı yaxınlığında naməlum avtomobili saxlayıb mindikdən sonra itkin düşüblər.
İsrail hakimiyyəti gənclərin oğurlanmasında Fələstinin HƏMAS hərəkatını günahlandırıb. HƏMAS insidentlə əlaqəli olduğunu təkzib edib.