Bakı. Real Cəfərli - APA. Mahmud Əhmədinejad dünən yerli vaxtla axşam saat 21:30-da dövlət televiziyasında canlı çıxış edərək İran prezidenti kimi xalqla xudahafizləşib.
APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, M. Əhmədinejad 8 illik prezidentliyi dövründə hökumətinin gördüyü işlərdən danışaraq müxtəlif sahələrdə yürütdüyü siyasəti müdafiə edib.
İran prezidenti bildirib ki, 8 illik fəaliyyəti dövründə hökumətinin prioritet vəzifəsi məzlumları müdafiə etmək olub: “Hökumətimin əsasını ədalətlə hərəkət etmək təşkil edib”.
M. Əhmədinejad hökumətinin xalqın izzət və inkişafı yolunda addımladığını deyib: “Əlbəttə, sanksiyalar və düşmənin tətbiq etdiyi təzyiqlər nəticəsində xalqın bir hissəsi çətinliklə üzləşdi. Düzdür, 8 illik prezidentliyim dövründə bəzi zəif nöqtələr və əskikliklər olub. Ancaq beynəlxalq və daxili arenada, o cümlədən nüvə məsələsində mühüm müvəffəqiyyətlər əldə edilib”.
İran prezidenti hökumətin bütün xalqa aid olduğunu vurğulayıb: “Xalqın seçdiyi hər bir hökumətə yardım göstərmək lazımdır”.
M.Əhmədinejad İran xalqına minnətdarlığını bildirərək onlara xoşbəxtlik və inkişaf arzulayıb.