Bakı. Real Cəfərli - APA. “Bu gün dünyada informasiya əldə etmək asanlaşıb”. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bunu İran Məsləhət Şurasının sədri, eks-prezident Əli Əkbər Haşimi Rəfsəncani bildirib.
Onun sözlərinə görə, artıq kütləvi informasiya vasitələrinin inkişaf etdiyi, internetin mövcud olduğu bir əsrdə həqiqətləri gizlətmək mümkün deyil. H.Rəfsəncani deyib ki, bir qrup şəxslər və qruplar öz mənfəətlərini güdərək başqalarına yalan, çamur atır və bununla da istər-istəməz 1979-cu il İslam inqilabına və inqilabın tarixinə zülm edirlər.
Sabiq prezident vurğulayıb ki, İran xalqı qədirbilən və anlayışlı millətdir: “Bu baxımdan xalqın səsini alan dövlət onların yardımı ilə tədricən ölkənin daxili və xarici problemlərini aradan qaldıra bilər”.
Qeyd edək ki H.Rəfsəncani bu il iyunun 14-də keçiriləcək seçkilərdə iştirak etmək üçün İran prezidentliyinə namizəd kimi qeydiyyata alınması üçün mayın 11-də Daxili İşlər Nazirliyinin Seçki Qərargahına ərizə ilə müraciət edib.