Bakı-APA. Suriyada demokratik dövlətin yaradılması təşəbbüsü ilə çıxış edən 250-dək müxalifətçi yeni qrup yaradıb. APA-nın verdiyi xəbərə görə, bu barədə “Əl Cəzirə” telekanalı məlumat verib.
Tanınmış müxalifətçi və hüquq müdafiəçisi Mişel Kilonun da üzv olduğu yeni birlik “Suriyalı demokratların ittifaqı” adlanır.
“Qrup üzvləri müxtəlif siyasi qüvvələri təmsil etmələrinə baxmayaraq demokratiya prinsipinə görə birləşib”, deyə telekanal “Suriyalı Demokratların İttifaqı”nın nümayəndəsi Kamal Ləbvaninin açıqlamasından sitat gətirir.
Telekanal qeyd edir ki, yeni qrup Suriyada İnqilabi və Müxalifət Qüvvələrinin Milli Koalisiyasında təmsil olunmuş “Müsəlman qardaşlar”a əks qüvvə kimi yaradılıb.
“Əgər “Müsəlman qardaşlar” vətəndaş dövlətinin yaradılmasına qarşı çıxırsa, onda bu qrup onlara qarşı yönəlib. Əgər bu layihəni dəstəkləyərlərsə, onda bizim müttəfiqimiz olacaqlar”, deyə Ləbvani qeyd edib.