Bakı. Real Cəfərli – APA. Urmiya gölündəki ekoloji fəlakət hövzənin ətrafında yerləşən 7 şəhər böyük təhlükəylə üzləşib. APA-nın “Oyannews”a istinadən məlumatına görə, İranın Şərqi Azərbaycan vilayətinin Kənd Təsərrüfatı İdarəsinin rəhbəri Məsud Məhəmmədian bildirib ki, Urmiya gölünün quruması hövzənin ətrafında yerləşən 7 şəhərin artezian quyularına ciddi təsir göstərib və quyuların suyunun şorlaşmasın artmasına gətirib çıxarıb: “Hazırda Urmiya gölü hövzəsi ətrafındakı 600 min hektardan çox əkin və bağ sahəsi ekoloji fəlakətin mənfi təsiri ilə qarşı-qarşıyadır və ciddi ziyan görməkdədir. Artıq artezian quyularında da duzluluğun miqdarı getdikcə artır”.
Qeyd edək ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kvadrat kilometr olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub.