Bakı. Real Cəfərli – APA. “İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında nüvə danışıqları davam etdirilməlidir. Ancaq tərəflər arasında müzakirələr əbədi olaraq aparıla bilməz”. APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, bunu beynəlxalq agentliyin icraçı direktoru Yukiya Amano deyib. O bildirib ki, tərəflər arasında keçirilən nüvə müzakirələrində məqsəd İranın nüvə proqramının sülh məqsədli olub-olmamasını müəyyənləşdirməkdir: “Agentliyin İdarə Heyəti İranın nüvə proqramı ilə bağlı qərar vermək səlahiyyətinə malikdir. Mənim vəzifəm isə məlumatları toplamaq və İdarə Heyətinə təqdim etməkdir”.
Y. Amano qeyd edib ki, Həsən Ruhaninin prezidenti seçilməsinə baxmayaraq, agentliyin mövqeyi dəyişməyəcək və əvvəlki prezidentin zamanında olduğu kimi davam etdiriləcək: “Biz İranla danışıqları müəyyən hədəfə çatdırmaq üçün davam etdirəcəyik”.