Bosniya serblərinin lideri Radovan Karaciç BMT-nin Haaqadakı həbsxanasına köçürülüb

Bosniya serblərinin lideri Radovan Karaciç BMT-nin Haaqadakı həbsxanasına köçürülüb
# 30 iyul 2008 08:44 (UTC +04:00)
Serbiya hökumətinin Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunalla (KYBT) əməkdaşlıq İdarəsinin rəhbəri Duşan İqnatoviç apellyasiya şikayətinin aidiyyəti orqanlara vaxtında çatmadığını bildirib: “Apellyasiya məhkəməsi olmayacaq. Çünki lazımi sənədlər vaxtında çatdırılmayıb”. R. Karaciçin beynəlxalq mühakiməyə verilməsi barədə sərəncamı isə Serbiyanın ədliyyə naziri imzalayıb.
D. İqnatoviç onu da əlavə edib ki, R. Karaciçin məhkəmə prosesi 2010-cu ildə yekunlaşa bilər. Serbiya rəsmisinin sözlərinə görə, Belqrad artıq Haaqaya ittiham olunan 42 nəfəri təhvil verib, axtarışda isə cəmi iki nəfər qalıb. Bunlar Bosniya serblərinin ordusunun komandanı Ratko Mladiç və hazırda mövcud olmayan keçmiş Serb Krainası Respublikasının sabiq prezidenti Qoran Xaciçdir. Serbiya hökuməti onların axtarışı istiqamətində işləri davam etdirir.
KYBT-nın rəsmi nümayəndəsi də R. Karaciçin Haaqa həbsxanasına gətirilməsi barədə məlumatı təsdiqləyib. Serb diktator həbsxanaya Rotterdamdan vertolyotla gətirilib.
Qeyd edək ki, R. Karaciç 1992-1995-ci illərdə Bosniyada hərbi cinayətlər törətməkdə günahlandırılır. Bundan başqa, o, Srebrenitsa şəhərinin müsəlman əhalisinə qarşı 1995-ci ilin iyulunda soyqırımı aktı törətməkdə ittiham olunur. Həmin vaxt 7500 Bosniya müsəlmanı qətlə yetirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR