Radovan Karaciç ABŞ-la gizli anlaşma əldə etdiyini bildirib

Radovan Karaciç ABŞ-la gizli anlaşma əldə etdiyini bildirib
# 01 avqust 2008 08:55 (UTC +04:00)
Haaqa – APA. Bosniya serblərinin keçmiş lideri Radovan Karaciç keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunalda çıxışında sensasiyalı açıqlama verib. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, R. Karaciç 1996-cı ildə ABŞ prezidentinin Balkanlar üzrə xüsusi nümayəndəsi Riçard Holbrukla gizli sövdələşmə əldə etdiyini, buna uyğun olaraq siyasətdən getməyin əvəzində ona təqib olunmayacağına dair təminat verildiyini bildirib. Hərbi caninin Serbiya telekanalları ilə canlı yayımlanan məhkəmə prosesindəki bu sözləri hakim Alfons Ori tərəfindən kəsilib. A. Ori deyib ki, bu məsələ məhkəmə istintaqının predmeti deyil. Məsələyə münasibət bildirən R. Holbruk isə R. Karaciçin söylədiklərini yalan adlandırıb: “O gizlənərkən dezinformasiya yaymışdı ki, guya mənimlə gizli razılıq əldə edib və ortalıqdan qeyb olduqdan sonra biz onu təqib etməyəcəyik. Bu, açıq-aşkar yalan bir bəyanatdır. Radovan Karaciçlə hər hansı sövdələşmə olmayıb”.
Qeyd edək ki, R. Karaciçin Haaqada keçirilən məhkəmə prosesi iyulun 31-də başlayıb. O, vəkilə ehtiyacı olmadığını və proses boyunca özünü müdafiə edə biləcəyini açıqlayıb. Bosniya müsəlmanlarına qarşı soyqırımda ittiham edilən R. Karaciç ittihamlara avqustun 29-da cavab verəcəyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR