Bank Of Baku

Türkiyədə aralarında 3 general və 2 professorun da olduğu 37 nəfər həbs edilib

Türkiyədə aralarında 3 general və 2 professorun da olduğu 37 nəfər həbs edilib
# 07 yanvar 2009 12:20 (UTC +04:00)
Ankara – APA. Türkiyə polisinin bu gün səhər 6 şəhərdə eyni anda keçirdiyi əməliyyatlar nəticəsində 37 nəfər həbs edilib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, həbs olunanların bəziləri vaxtilə orduda və dövlət strukturlarında mühüm vəzifələr tutmuş şəxslər və tanınmış elm adamlarıdır. Bunlar Türkiyə Milli Təhlükəsizlik Şurasının keçmiş katibi, istefada olan ordu generalı Tuncər Kılınç, 2-ci ordunun sabiq komandanı, istefada olan ordu generalı Kamal Yavuz, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq hüquq müşaviri, istefada olan general Ərdal Şənər, Türkiyə Əmniyyət Müdirliyinin (polis təşkilatı) keçmiş Özəl Hərəkat (xüsusi əməliyyatlar) İdarəsinin rəisi, vaxtilə PKK terror təşkilatına qarşı mübarizə məqsədilə xüsusi təyinatlı qüvvələr (özəl tim) formalaşdıran polkovnik İbrahim Şahin, Hərbi Dəniz Qüvvələrinin adı açıqlanmayan kapitanı, Yüksək Öyrətim (təlim, təhsil) Kurulunun (şurası) keçmiş sədri, professor Kamal Gürüz, tanınmış alim və publisist, professor Yalçın Kiçik və digərləridir. Polis tərəfindən axtarılan İstanbuldakı Yedditəpə Universitetinin rektoru, İstanbulun sabiq bələdiyyə sədri Bədrəddin Dalan isə hazırda ABŞ-dadır. Başçılıq etdiyi universitetdə və digər ofislərində axtarış aparılan professor B. Dalan jurnalistlərə açıqlamasında bildirib ki, əvvəlcə yanvar ayının sonunda Türkiyəyə dönməyi planlaşdırsa da, son hadisələrdən sonra daha tez qayıtmağa qərar verib.

Qeyd edək ki, hazırda “Ergenekon”la bağlı ötən il həbs olunmuş bir qrup insanın məhkəməsi gedir. Aralarında istefada olan ordu generalları Şənər Əruyğur və Xurşid Tolonun da olduğu başqa bir qrup haqqında hələ ittihamnamə hazırlanmayıb. Sonuncu dalğada həbs olunanlar haqqında da başqa bir ittihamnamə hazırlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR