Bank Of Baku

“Əfsanəvi komandan” Erdal Sarızeybək: “Prokuror Zəkəriyyə Öz mənə təzyiq edərək “Ergenekon” işi ilə əlaqədar saxlananların əleyhinə ifadə verməyimi istəyir”

“Əfsanəvi komandan” Erdal Sarızeybək: “Prokuror Zəkəriyyə Öz mənə təzyiq edərək “Ergenekon” işi ilə əlaqədar saxlananların əleyhinə ifadə verməyimi istəyir”
# 12 yanvar 2009 08:46 (UTC +04:00)
Kayseri. Vüqar Məsimoğlu-APA. Türkiyə Silahlı Qüvvələrinin istefada olan polkovniki Erdal Sarızeybək “Ergenekon” təşkilatı ilə bağlı təhqiqata rəhbərlik edən prokuror Zəkəriyyə Özə qarşı sərt ittihamlar səsləndirib. APA-nın məlumatına görə, Erdal Sarızeybək “Ərciyəz TV” telekanalında çıxışı zamanı prokurorun onu zorla “Ergenekon” işi ilə bağlı yalan ifadələr verməyə məcbur etmək istədiyini bildirib: “Zəkəriyyə Öz ordu əleyhinə ifadələr vermək üçün mənə təzyiq edir. Bunun səbəbi 2005-ci ildə öz istəyimlə ordudan istefa verməyimdir. Bu gün həbsdə olan ordu general Şener Əruyğur və polkovnik Atilla Uğur ilə aramızda mübahisə baş vermişdi. Mənə qarşı haqsızlıq edildiyini bildirərək hər iki şəxsə qarşı məhkəmə iddiası qaldırdım. Onlar da məni məhkəməyə verdilər. Hər iki proses başa çatdı və məhkəmə mənim haqlı olduğum barədə qərar çıxartdı. Mənə qarşı haqsızlıq edilmişdi deyə, könlümü almaq üçün diviziya komandiri vəzifəsizə təyin etdilər. Lakin qəlbim qırılmışdı və ərizə verərək könüllü olaraq ordu sıralarını tərk etdim. Daha sonra “Ya qazi paşa bunu duyarsa” adlı kitab yazdım. Prokuror Zəkəriyyə Öz kitabımı oxuyub və bu qərar gəlib ki, mənim Silahlı Qüvvələrə qarşı incikliyim var. Hər dəfə məni çağırıb deyir ki, “cənab polkovnik, niyə sizə general rütbəsi verməyiblər. İşə bir bax, bu, haqsızlıqdır. Əgər onların əleyhinə söyləyə biləcəyiniz bir şey varsa, sizin qisasınızı onlardan biz alarıq”.

Erdal Sarızeybək prokuror tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı Hakimlər və Prokurorlar Ali Şurasına ərizə ilə müraciət etdiyini deyib: “Lakin Ədliyyə Nazirliyi icazə vermədiyi üçün prokuror Zəkəriyyə Öz haqqında təhqiqat aparılmadı. Bu prokuror öz vəzifəsindən sui-istifadə edib. Ona görə də tutduğu vəzifədən çıxarılmalıdır. O, verdiyi qərarlarla “Ergenekon” araşdırmasının sifarişlə həyata keçirildiyini isbatlayıb. Ölkədə heç kəs terror qarşı mübarizə aparmır, əvəzində orduya ləkə yaxmaq kampaniyası aparılır. PKK terrorçuları isə meydanda at oynadır. “Ergenekon” işi ilə bağlı məhkəməyə son qoyulmalıdır. Türki millətinin vicdanı bu saxtakarlığa dözməz. Çünki Türk ordusu Türk millətinin nəzərində çox yüksək mövqeyə sahibdir”.

Qeyd edək ki, polkovnik Erdal Sarızeybək Türkiyədə terrorçuluğa qarşı ən peşəkar mütəxəssislərdən biri sayılır. Xalq arasında “Əfsanəvi komandan” adı ilə tanınan Sarızeybək uzun illər Türkiyə Silahlı Qüvvələrinin sərhəd, təlim və əks-kəşfiyyat idarələrində yüksək vəzifələrdə çalışıb, PKK terroruna vuruşan təhlükəsizlik rəhbərlərinin komandanı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR