Çexiyanın paytaxtı Praqada koronavirusa yoluxma halının artması səbəbindən şəhər rəhbərliyi tərəfindən dükan və məktəblərdə vətəndaşların məcburi qaydada tibbi maska taxması barədə göstəriş verilib.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Çex Radiosu məlumat yayıb.
Müvafiq qərar mağaza və ticarət mərkəzlərində sentyabrın 9-dan, təhsil müəssisələrində isə sentyabrın 14-dən qüvvəyə minəcək.
Sentyabrın 9-dan paytaxtda gecə barlarının fəaliyyətini də məhdudlaşdırılacaq. Gecədən səhər saat 06:00-a qədər barlar bağlanacaq.
Sentyabrın 1-dən isə respublika üzrə ictimai nəqliyyatda tibbi maska taxmaq məcburidir.
Qeyd edək ki, pandemiya başlayandan bəri Çexiyada yeni virusa yoluxanların ümumi sayı 26 452 nəfər, ölüm sayı 426 nəfərdir. 18 830 nəfər sağalıb.
Hazırda respublikada 7196 aktiv koronavirus xəstəsi var. 177 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 40-nın vəziyyəti ağırdır.