“ABŞ Moldovaya ukraynalı qaçqınları qəbul etmək üçün 30 milyon dollar yardım edəcək”.
APA TASS agetliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın Moldovadakı səfiri Kent Doyl Lonqsdon brifinq zamanı deyib.
“ABŞ dövlət katibi Entoni Blinken Kişinyova səfəri zamanı prezident Maia Sandunu əmin etdi ki, amerikalı tərəfdaşlar Moldovaya böhranın öhdəsindən gəlməyə kömək edəcəklər. İndi biz bu vədi yerinə yetiririk. ABŞ Ukraynaya yardım üçün region ölkələrinə 300 milyon dollardan çox vəsait ayırıb. Həmçinin yaxın altı ayda Moldovaya qaçqınlara kömək üçün 30 milyon dollar ayırılacaq”, - deyə diplomat bildirib.
Səfir həmçinin bildirib ki, hazırda münaqişənin Moldovaya birbaşa təsir edəcəyinə dair heç bir əlamət yoxdur.
“Ukraynada vəziyyət çox çətindir. Biz xəbərləri diqqətlə izləyirik, lakin indi Moldovanın hücum obyektinə çevrilə biləcəyinə dair heç bir əlamət yoxdur", - deyə Kent Doyl Lonqsdon əlavə edib.
O vurğulayıb ki, Vaşinqton Dnestryanı probleminin “beş üstəgəl iki” formatında (Moldova, Dnestryanı, ATƏT, Rusiya, Ukrayna və ABŞ və Aİ müşahidəçiləri) danışıqlar zamanı həll ediləcəyinə ümid edir.