Avropa Komissiyası Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveçin NATO-ya üzvlüyü ilə Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsi arasında müqayisəyə münasibət bildirib.
APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat katibinin müavini Dana Spinant bildirib.
Avropa Komissiyasının rəsmisi bu iki prosesin “ayrı” olduğunu və “paralel şəkildə” baş verdiyini deyib.
"Avropa İttifaqının çox strukturlaşdırılmış genişlənmə prosesi var, bütün namizəd ölkələr və hətta namizəd ölkələr olmaq istəyənlər tərəfindən atılmalı olan çox aydın addımlar toplusu var. Siz bu iki prosesi əlaqələndirə bilməzsiniz. Hər bir namizəd ölkə üçün üzvlük prosesi bu ölkələrin nailiyyətlərinə əsaslanır. Növbəti addımların ritmi irəliləyiş və hədəflərə və ya qarşıya qoyulan addımlara nail olmaq üçün namizəd ölkələrin gördüyü işlərlə müəyyən edilir", - Avropa Komissiyasının mətbuat katibinin müavini deyib.
Qeyd edək ki, Türkiyə ilk dəfə 1987-ci ildə o vaxtkı Avropa İqtisadi Birliyinə (AİB) üzv olmaq üçün müraciət etsə də, 1999-cu ilə qədər rəsmi namizəd elan edilməyib. Danışıqlar çərçivəsi isə 2005-ci ildə qəbul edilib. Sonrakı illərdə Türkiyə Ərdoğanın rəhbərliyi altında mürəkkəb və zəhmət tələb edən genişlənmə prosesində tamamlanması lazım olan 35 fəsildən 15-ni açmağı bacarıb. Yalnız bir fəsil - elm və tədqiqat - uğurla tamamlanıb.