Almaniya hökuməti qarşıdakı qışda mümkün qaz çatışmazlığının qarşısını almaq üçün ehtiyatda saxlanılan köhnə kömür elektrik stansiyalarının yenidən istifadəsinə icazə verməyi planlaşdırır.
“Der Tagesspiegel” qəzetinin əldə etdiyi sənədə istinadən məlumatına görə, Almaniya İqtisadiyyat Nazirliyi bununla bağlı qanun layihəsi hazırlayır.
Bildirilib ki, qaz anbarlarının doluluq səviyyəsinin aşağı olması qış aylarında ölkənin enerji təminatında çətinliklər yarada bilər.
Hazırda ehtiyat kömür elektrik stansiyaları əsasən qışda enerji sisteminin sabitliyini qorumaq məqsədilə saxlanılır. Onların operatorlarına xərclər kompensasiya edilsə də, mənfəət əldə etməyə icazə verilmir.
Yeni layihəyə əsasən, enerji təchizatı sahəsində fövqəladə vəziyyət elan edilərsə, həmin stansiyaların müvəqqəti olaraq elektrik enerjisi bazarına qaytarılması mümkün olacaq.
Sənəddə qeyd olunur ki, şəbəkə ehtiyatında olan, eləcə də 2026, 2027 və mümkün olaraq 2028-ci illərdə kömür istifadəsinə qadağa tətbiq edilən stansiyalar ən gec 2028-ci ilin mart ayının sonunadək əlavə elektrik enerjisi istehsal edə biləcəklər.
Hökumət operatorlardan işçi heyətini və yanacaq ehtiyatlarını hazır vəziyyətdə saxlamağı tələb etməyi planlaşdırır.
Əlavə xərclərin bir hissəsinin elektrik şəbəkəsi tariflərinin artırılması hesabına istehlakçılar tərəfindən ödənilməsi nəzərdə tutulur.