Gürcüstandakı Avropa İttifaqı Monitorinq Missiyasının (AİMM) üzvləri Abxaziya inzibati sərhədi yaxınlığında saxlanılıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı AİMM yayıb. Bildirilib ki, bu gün günorta Xurça ərazisində müntəzəm patrul həyata keçirən missiya əməkdaşları “təhlükəsizlik aktorları” tərəfindən saxlanılıblar. Onların daha sonra təhlükəsiz şəkildə sərbəst buraxıldığı qeyd olunub.
Əlavə olunub ki, insidentlə əlaqədar müvafiq aktorlarla məlumat mübadiləsi həyata keçirilməsi üçün AİMM-nin qaynar xətti aktivləşdirilib.
Bəyanatda missiya üzvlərinin hansı şəraitdə və kimlər tərəfindən saxlanılması ilə bağlı detallar paylaşılmayıb.