Avropa İttifaqı Rusiya Prezidenti Vladimir Putinə, Baş nazir Mixail Mişustinə, Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedevə, daxili işlər naziri Vladimir Kolokoltsevə və xarici işlər naziri Sergey Lavrova sanksiya tətbiq edib.
APA-nın xəbərinə görə, qərar Aİ-nin Rəsmi Jurnalında dərc olunub.
Siyahıda ümumilikdə 98 Rusiya vətəndaşının adı yer alır. Onların arasında ölkə rəhbərliyində təmsil olunanlar, deputatlar, hərbçilər və məmurlar da var.
Bununla da, Avropa İttifaqının qara siyahısında yer alan rusiyalıların sayı 670 nəfərə çatıb.
Avropa xarici siyasət idarəsinin rəhbəri Jozef Borrel bildirib ki, sanksiya tətbiq edilən şəxslərin aktivləri dondurulacaq.
***
22.52
Bir müddət əvvəl Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq Putin və Lavrovun aktivlərini donduracaqlarını, lakin hərəkət məhdudiyyəti qoymayacaqlarını bildirmişdi.
Aİ diplomatları bu addımı Rusiyanın “DXR” və “LXR”in “müstəqilliyini” tanımasına cavab olaraq atıblar.
***
22.30
Aİ xarici işlər nazirləri Vladimir Putin və Sergey Lavrovu sanksiya siyahsına salmaq istəyirlər.
APA-nın xəbərinə görə bunu Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel bildirib.