“Avropada müharibə gedir. Biz elə bilirdik ki, bu müharibələr kitablarda qalıb. Amma belə deyilmiş”.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə İstanbulda keçirilən mətbuat konfransı zamanı Avropa Komissiyasının miqrasiya və təhlükəsizlik siyasətinin əlaqələndirilməsi üzrə vitse-prezidenti Marqaritis Şinas deyib.
“Biz ukraynalı miqrantlara misli görünməyən köməklik göstərdik, onlara sənədləri asanlaşdırılmış şəkildə təqdim etdik. İndi isə onların yaşayış yeri məsələsini də həll etməliyik”, - o vurğulayıb.
Marqaritis Şinas, Türkiyə və Aİ arasında miqrasiya sahəsində olan əməkdaşlığın nümunəvi olduğunu qeyd edib: “Türkiyə milyonlarla miqranta ev sahibliyi edir. Biz bu məsələdə Türkiyəyə dəstək üçün 6 milyard avro cəlb etmişik. Avropada miqrasiyanı qaralamaq istəyən çox siyasətçi var, amma biz bununla mübarizə aparmalıyıq”.