Səudiyyə Ərəbistanı İranın dəstəklədiyi husilərə qarşı yeni hərbi əməliyyata hazırlaşır və Avropa ölkələrinin də prosesə cəlb olunmasına çalışır.
“Bild” nəşrinin məlumatına görə, Ər-Riyad Fransa və Böyük Britaniyadan hərbi yardım gözləyir. Səudiyyə Ərəbistanının kəşfiyyat xidmətinin keçmiş rəhbəri Turki bin Feysəl Al Səud Almaniyanı da husilərə qarşı mübarizəyə qoşulmağa çağırıb.
Onun sözlərinə görə, Avropa ölkələri regionun təbii ehtiyatlarından və ticarət yollarından istifadə etdikləri üçün burada sabitliyin qorunmasında birbaşa maraqlıdırlar.
“Regionun xammal ehtiyatlarından faydalananlar sülh və təhlükəsizliyin təmin edilməsinə də töhfə verməlidirlər”, – Turki bin Feysəl bildirib.
Qeyd olunur ki, bir neçə ay əvvəl Səudiyyə Ərəbistanı Ərəbistan yarımadası və Bab əl-Məndəb boğazı üçün hərbi müdafiə və monitorinq sisteminin yaradılmasını təklif edib. Turki bin Feysəlin sözlərinə görə, həmin vaxt heç bir Avropa dövləti təşəbbüsə qoşulmayıb.
O bildirib ki, Avropa bu marşrutun təhlükəsizliyində birbaşa maraqlıdır. Bab əl-Məndəb boğazından Süveyş kanalına, oradan isə Avropa ölkələrinə hərəkət edən gəmilər keçir.