Dunayın Bolqarıstan ərazisindən keçən hissəsində suyun səviyyəsi rekord dərəcədə aşağı düşüb.
APA xəbər verir ki, çayda gəmi hərəkəti demək olar ki, dayanıb. Yük daşıyan azsaylı gəmilər isə dayazlığa oturmamaq üçün adi yükün yalnız yarısını götürür.
Bolqarıstan və Rumıniya arasında bərə reysləri davam etsə də, onların da yüklənməsi məhdudlaşdırılıb. Su səviyyəsinin azalması balıqçıların da fəaliyyətini çətinləşdirib.
Ruse şəhəri yaxınlığında son sutkada suyun səviyyəsi daha 5 sm azalaraq sıfır göstəricisindən 106 sm aşağı düşüb. Bolqarıstan hissəsində orta göstərici isə normadan 109 sm aşağıdır.
Vidindən Silistraya qədər çay boyunca onlarla yeni dayazlıq və adacıq yaranıb. Bəzi yerlərdə, o cümlədən Belene adası yaxınlığında, Dunayı piyada keçmək mümkün olub. Bu ərazidə suyun temperaturu 29 dərəcəyə çatıb.