Bu gün Trans-Xəzər Müəssisə Fondunun fəaliyyətə başladığını elan etməkdən məmnunam.
APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.
Marko Rubio qeyd edib ki, yeni seçilmiş Direktorlar Şurasının rəhbərlik etdiyi və ABŞ hökumətinin 201 milyon dollar vəsaiti ilə kapitallaşdırılan Fond Cənubi Qafqaz və Mərkəzi Asiyada Trans-Xəzər Ticarət Marşrutu (Orta Dəhliz) boyunca özəl sektor investisiyalarını təşviq edəcək: “Bu irəliləyiş sadə bir həqiqəti əks etdirir: sülh və rifah bir-birini gücləndirir. TRIPP sadəcə infrastruktur layihəsi deyil. Bu, Trans-Xəzər Ticarət Marşrutunun mühüm həlqəsidir, ABŞ və digər ölkələr üçün kommersiya imkanlarının hərəkətverici qüvvəsidir və uzunmüddətli mübahisələrin həllindən sonra iqtisadi əməkdaşlığın sülhü möhkəmləndirə biləcəyini göstərən bir modeldir. ABŞ Ermənistan və Azərbaycanla bu təməl üzərində quruculuq işlərini davam etdirməkdə tam qətiyyətlidir. Hər iki ölkəni ötən il ərzində nümayiş etdirdikləri cəsarət və uzaqgörənliyə görə təbrik edir, Cənubi Qafqazda davamlı və uzunmüddətli sülhə doğru irəliləyişin davam edəcəyinə ümid edirik”.