"İştirak edən ölkələrin sayını nəzərə alsaq, Səudiyyə Ərəbistanında baş tutan görüş diplomatik uğurdur".
APA xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel XİN rəhbərlərinin qeyri-formal görüşündən əvvəl jurnalistlərə açıqlamasında avqust ayının ilk həftəsonu Səudiyyə Ərəbistanının Ukraynadakı müharibə ilə bağlı çağırdığı və 40 ölkədən nümayəndənin qatıldığı beynəlxalq sammit barədə deyib.
"Hesab edirəm ki, beynəlxalq səviyyədə Rusiya getdikcə daha çox təcrid olunur. Putinin Ukraynadan taxılın ixracı ilə bağlı sazişdə iştirakdan imtina etməsi Rusiyanın beynəlxalq mövqeyini zəiflədib. Çünki artıq insanlar anlayır ki, dünyada yaranmış ərzaq problemini bizim tətbiq etdiyimiz sanksiyalar yaratmayıb, bunu Rusiyanın davranışı - Ukraynadan taxılın dünyaya çıxarılmasına icazə verməməsi səbəb olub", - Aİ-nin Ali Nümayəndəsi bildirib.