Türkiyə olaraq Ukraynada atəşkəsin əldə edilməsi üçün öhdəmizə düşəni etdik və edirik.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşünün nəticəsinə dair birgə mətbuat konfransı zamanı deyib.
O təəssüflə qeyd edib ki, dağıntı, ölümlər və insan faciələri davam edir.
“Bu təhlükəli prosesləri dayandırmaq üçün çağırışlarımızı davam etdiririk. Hər birimizin məqsədi eynidir – müharibə dayandırılmalı, insanlar ölməməlidir. Ukraynada axan qanın dayandırılması lazımdır. Müharibədə qazanan olmaz, sülhdən isə uduzan olmaz”.
O əlavə edib ki, Türkiyə Belarusda keçirilən Rusiya-Ukrayna danışıqlarını dəstəkləyir, nəticə verəcəyinə ümid edir.