Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel bu gün Gürcüstana səfərə gələcək.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Aİ-nin Xarici Fəaliyyət Xidməti yayıb.
Bildirilib ki, ali nümayəndənin Tbilisiyə səfəri Gürcüstanın Avrointeqrasiya yolunun müzakirə edilməsinə, həmçinin daha geniş xarici siyasət və regional məsələlərə dair fikir mübadiləsi aparılmasına imkan verəcək.
Borrel səfər çərçivəsində Prezident Salome Zurabişvili tərəfindən qəbul ediləcək. O, həmçinin Baş nazir İrakli Qaribaşvili ilə də görüşəcək və tərəflər görüşdən sonra mətbuata birgə bəyanatla çıxış edəcəklər.
Borrel həmçinin xarici işlər naziri İliya Darçiaşvili ilə, eləcə də parlamentdə müxtəlif partiyaların nümayəndələri ilə, vətəndaş cəmiyyəti nümayəndələri ilə də görüşəcək.
Cozep Borrelin Gürcüstana səfəri sentyabrın 8-dək davam edəcək.