“Britaniya Rusiyadan aldığı qaz təchizatını azaldaraq, Azərbaycandan aldığı qazı artırmalıdır”
Bunu britaniyalı deputat Bob Blekmen APA-nın London müxbirinə açıqlamasında deyib.
O, Böyük Britaniya və Azərbaycan arasında uzun illərdir davam edən güclü əlaqələrin olduğunu bildirib və işğaldan azad edilmiş torpaqlarda Britaniyanın göstərdiyi yenidənqurma işlərini, iki ölkə arasındakı mövcud enerji əməkdaşlığını yüksək qiymətləndirib.
Deputat həmçinin bildirib ki, Britaniya aldığı qaz təchizatını şaxələndirməlidir: “Rusiya qazına arxalanmamalıyıq, çünki onlar istədikləri vaxtı təchizatı kəsə bilərlər”, - Bob Blekmen bildirib.
Deputat qeyd edib ki, Britaniyanın Rusiya qazından asılılığı təxminən 2-3 faizdir və bu Azərbaycan qazı ilə əvəz edilə bilər: “Mən düşünürəm ki, Azərbaycandan qaz təchizatını artırmaq, Rusiyadan aldığımız qaz təchizatını Azərbaycandan aldığımız təchizat ilə əvəz etmək üçün xeyli imkanlar var”.