İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales avqustun 26-dan etibarən 90 gün müddətinə milli və beynəlxalq səviyyədə futbolla bağlı bütün fəaliyyətlərdən və vəzifəsindən kənarlaşdırılıb.
APA-nın xəbərinə görə, bu barədə Beynəlxalq Futbol Federasiyasının (FİFA) İntizam Komitəsi qərar qəbul edib.
Luis Rubiales bağlı qərar FİFA-nın avqustun 20-da baş vermiş olayla əlaqədar apardığı araşdırma fonunda qəbul edilib. Avqustun 20-də qadınlar arasında futbol üzrə dünya çempionatının finalında İspaniya yığması İngiltərəni 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub. Medalların təqdim olunma mərasimində Luis Rubiales İspaniya yığmasının kapitanı Cennifer Ermosonun dodaqlarından öpüb.
Luis Rubiales avqustun 25-də bəyan edib ki, postunu tərk etmək niyyətində deyil. Bununla belə, “sports.ru” nəşri yazıb ki, 80-dən artıq futbolçu, o cümlədən Cennifer Ermoso da daxil olmaqla dünya çempionatının 23 iştirakçısı Luis Rubialesin İspaniya Futbol Federasiyasının prezidenti kimi qalacağı halda yığmada oynamaqdan imtina edib.