Slovakiyanın Baş naziri Robert Fitso Qərbin faktiki olaraq Rusiya ilə müharibə vəziyyətində olduğunu bildirib.
APA xəbər verir ki, bu barədə o, "Facebook"da yayımlanan çıxışında danışıb.
Fitso bildirib ki, Ukrayna ərazisində fəaliyyət göstərən çoxsaylı xarici muzdlu döyüşçülər və münaqişədə istifadə olunan müasir silah sistemlərinə xidmət göstərən şəxslər nəzərə alınarsa, Qərb artıq faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir.
Baş nazir tərəfləri dialoqa çağıraraq vurğulayıb ki, Ukraynadakı münaqişənin daha genişmiqyaslı qarşıdurmaya çevrilməsinə imkan verilməməlidir.
O qeyd edib ki, Avropa İttifaqında dialoqu dəstəkləyən azsaylı baş nazirlərdən biridir, üzv ölkələrin əksəriyyəti isə müharibəni dəstəkləyir.
Fitso Ukraynanın Aİ-yə üzvlüyünü dəstəklədiyini, lakin bunun yalnız namizəd ölkələr üçün nəzərdə tutulan bütün şərtlər yerinə yetirildikdən sonra mümkün ola biləcəyini bildirib. Onun sözlərinə görə, Ukraynadan əvvəl Serbiya, Monteneqro və Albaniya Aİ-yə qəbul edilməlidir.