Fransada etiraz aksiyalarında 35 minə yaxın iştirakçı qeydə alınıb.
BBC xəbər verir ki, Fransanın daxili işlər naziri Laurent Nuñez bildirib ki, bu gün səhər saatlarına qədər polis tərəfindən 136 etiraz aksiyası qeydə alınıb.
Ötən həftənin eyni vaxtında kütləvi nümayişlər zamanı bu göstərici 264 olub.
Mətbuat konfransında çıxış edən nazir indiyədək etiraz aksiyalarında 35 min iştirakçının qeydə alındığını deyib. Ötən həftənin eyni vaxtında bu rəqəm 60 min olub.
***
16.01
Fransanın Lion şəhərində etirazçılarla polis arasında toqquşma baş verib. Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
APA xəbər verir ki, məlumata görə, Lionun mərkəzinə yaxın ərazidə yolu qısa müddətə bağlamağa çalışan təxminən 150 etirazçıya qarşı polis gözyaşardıcı qaz tətbiq edib. Həmin ərazidə nümayişlərin keçirilməsi qadağan olunub.
Fransada etirazlar yaşayış xərclərinin artması, ictimai xidmətlərdəki problemlər və təhsil sahəsindəki çətinliklərlə bağlıdır. Hakimiyyət ötən həftə nümayişlər zamanı baş verən iğtişaşların təkrarlanmaması üçün təhlükəsizlik tədbirlərini gücləndirib.
Fransanın daxili işlər naziri Laurent Nunezin açıqlamasına görə, oktyabrın 24-də ölkə üzrə 70 min polis əməkdaşı səfərbər edilib. Bir sıra şəhərlərdə nümayişlərə məhdudiyyətlər qoyulub.