Fransada Marselin mərkəzində yaşayış binasının uçması nəticəsində azı 5 nəfər xəsarət alıb.
APA xəbər verir ki, bu barədə şəhərin meri Benua Payan BFM televiziyasına bildirib.
“Beş nəfər xəstəxanaya yerləşdirilib” – mer deyib. Mer qeyd edib ki, davam edən yanğın səbəbindən axtarış-xilasetmə işlərinə hələ də başlamaq mümkün deyil. "Qurbanların olacağına hazırlaşmalıyıq" - deyib.
Bundan əlavə, qonşu binanın uçma riski var.
Hadisə yerli vaxtla 00:40-da baş verib. İlkin versiyaya görə, səbəb hələlik müəyyən edilməyən partlayış olub. Eyni zamanda, BFM-in məlumatına görə, hadisə şahidləri hadisə yerində kəskin qaz iyinin gəldiyini bildirirlər.
***
06:27
Bazar gününə keçən gecə Marselin mərkəzində yaşayış binası uçub.
APA-nın məlumatına görə, şəhər meri bitişik on binanın sakinlərinin təxliyyə edildiyini açıqlayıb.
O əlavə edib ki, hazırda hadisə yerində yanğın davam edir və bu, axtarış tədbirlərinə mane olur. Binada partlayış olduğuna dair ciddi şübhələr var.
***
05.16
Bazar günü gecə Fransanın Marsel şəhərinin mərkəzində yaşayış binası uçub.
APA-nın xəbərinə görə, bu barədə şəhərin meri “Twitter” səhifəsində məlumat verib.
“5-ci məhəllədə Tivoli küçəsində yaşayış binasının uçması. Xilasetmə xidmətləri işləyir”, - deyə o yazıb.
Hadisə yerində xilasedicilər işləyir. Hadisənin səbəbi açıqlanmır.