Fransa Hərbi Dəniz Qüvvələrinin Tulon limanında texniki xidmətdə olan “Şarl de Qoll” aviadaşıyıcısında yanğın baş verib.
APA xəbər verir ki, Fransa Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, yanğın oktyabrın 5-i səhər saatlarında gəminin texniki otaqlarından birində qeydə alınıb.
Yanğına qaz kəsicisindən istifadə edilən işlərin səbəb ola biləcəyi bildirilir. Alovu bir saat sonra lokallaşdırmaq mümkün olub, daha bir saat sonra isə yanğının tam söndürüldüyü açıqlanıb.
“Mer et Marine” portalının yaydığı Fransa HDQ-nin məlumatında qeyd olunub ki, xilasetmə qrupları hadisənin səbəblərini araşdırır. Araşdırmaya Marseldən dəniz yanğınsöndürmə batalyonu da cəlb olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb, aviadaşıyıcının reaktor avadanlıqlarında hər hansı zədələnmə qeydə alınmayıb.
“Şarl de Qoll”un Tulondakı texniki xidmətinin dekabrın əvvəlinədək başa çatdırılması planlaşdırılır.