Yunanıstan Səudiyyə Ərəbistanında yerləşdirilmiş “Patriot” hava hücumundan müdafiə sisteminin ölkədə qalma müddətinin uzadılması ilə bağlı Ər-Riyadın müraciətinə müsbət cavab verib.
APA xəbər verir ki, bu barədə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla Ər-Riyadda keçirdiyi görüşdən sonra məlumat yayılıb.
Yunanıstan hökumətinin mətbuat xidmətinin açıqlamasına görə, “Patriot” sistemi Qırmızı dəniz sahilində yerləşən Yanbu şəhərindəki strateji əhəmiyyətli neft emalı zavodunun hava hücumlarından qorunmasında mühüm rol oynayır.
Mitsotakis bildirib ki, Yunanıstanın hərbi kontingentinin mövcudluğu həm Səudiyyə Ərəbistanının, həm də bütövlükdə regionun təhlükəsizliyinə töhfə verir.
Baş nazir qeyd edib ki, Afina krallığın müraciətini nəzərə alaraq “Patriot” sisteminin yerləşdirilmə müddətinin uzadılmasına razılıq verib.
Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri təsdiqlənib, nəqliyyat infrastrukturu, energetika və müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Mitsotakis Səudiyyə Ərəbistanına qarşı hücumları pisləyib və ölkəsinin krallıqla həmrəy olduğunu vurğulayıb.
Qeyd edək ki, Yunanıstan 2021-ci ildən Səudiyyə Ərəbistanının hava hücumundan müdafiəsinə dəstək məqsədilə bu ölkədə “Patriot” zenit-raket kompleksini yerləşdirib.