“Avropa İttifaqının müxtəlif institutları Gürcüstanda radikalizmi dəstəkləməkdən imtina edən kimi münasibətlərin bərpasına yol dərhal açılacaq”.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu gün Brüsselin radikalizmi təşviqi münasibətlər üçün mane olaraq qalır.
“Radikalimz Avropa İttifaqının müxtəlif fondları, eləcə də siyasi bəyanatlar vasitəsilə təşviq edilir və maliyyələşdirilir. Məhz radikalizm hazırda Gürcüstanla Avropa İttifaqı arasında əngəl rolunu oynayır”, - deyə Şalva Papuaşvili əlavə edib.
Spiker, həmçinin qeyd edib ki, Avropa İttifaqı 2024-cü ilin iyun ayında Gürcüstanın inteqrasiya prosesini birtərəfli qaydada dayandırmaq barədə qərarına yenidən baxmalıdır. O, qərarın əsaslandırılmamış və ədalətsiz olduğunu qeyd edərək, onun yenidən nəzərdən keçirilməsinin vaxtının yetişdiyini bildirib.