Gürcüstanın Xaraqauli bələdiyyəsinin Marelisi kəndində baş vermiş torpaq sürüşməsi nəticəsində bir nəfər həlak olub.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, həlak olan şəxsin yaşının 70-dən çox olduğu, sürüşmə baş verərkən ərazidə mal-qara axtardığı bildirilib. Məlumata görə, xilasedicilər həmin şəxsin meyitini bu gün torpağın altında çıxara biliblər.
Qeyd edək ki, güclü yağışların səbəb olduğu torpaq sürüşməsi iyulun 1-də baş verib. Hadisə nəticəsində dəmir yolu infrastrukturuna da ziyan dəyib, nəticədə paytaxt Tbilisi ilə Batumi, Zuqdidi, Poti şəhərləri arasında dəmir yolu əlaqəsi kəsilib. Qatarların hərəkətinin bu gün axşam saat 17:00-da bərpa olunacağı bildirilib.