Gürcüstanın müxalif Vahid Milli Hərəkat (VMH) partiyasının Tbilisidə, parlament binası qarşısında təşkil etdiyi aksiya başa çatıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, aksiyaya digər müxalifət partiyalarının liderləri, eləcə də sabiq prezident Giorgi Marqvelaşvili də dəstək verib.
VMH sədri Levan Xabeişvili mitinqdə 4 tələb irəli sürüb: 6-7 mart tarixlərində aksiya zamanı polisə "molotov kokteyli" atdığı üçün həbs edilmiş Lazare Griqoriadisin azadlığa buraxılması, ABŞ-ın sanksiya tətbiq etdiyi hakimlərin dərhal vəzifəsindən azad edilməsi, sabiq prezident Mixeil Saakaşvilinin azadlığa buraxılması və de-oliqarxizasiya, ədliyyə və Mərkəzi Seçki Komissiyası islahatlarının aparılması.
Aksiya insidentsiz başa çatıb, Rustavi prospektində avtomobillərin hərəkəti bərpa edilib.
***
Saat 19:20
Gürcüstanın müxalif "Vahid Milli Hərəkat" partiyası parlament binası qarşısında aksiya keçirir.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, aksiya Gürcüstan, Ukrayna və Avropa İttifaqının (Aİ) himnlərinin səsləndirilməsi ilə başlayıb.
Təşkilatçılar aksiyanın məqsədinin ölkənin Avropaya inteqrasiyasını dəstəkləmək olduğunu bildirirlər.
Aksiyada "Rusiya hökumətinə yox", "ölkənin ruslaşdırılmasına yox" kimi şüarlar səsləndirilir.
Mitinq səbəbi ilə parlament binasının qarşısındakı Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb, əraziyə çox sayda polis cəlb edilib.