Gürcüstanın 10 il müddətinə azadlıqdan məhrum edilmiş keçmiş müdafiə naziri Cuanşer Burçuladze ilə cinayət işi üzrə prosessual razılaşma əldə olunub.
APA-nın yerli bürosu xəbər verir ki, Tbilisi Apellyasiya Məhkəməsinin qərarı ilə onun həbs müddəti 5 ilə endirilib.
Razılaşmanın şərtlərinə əsasən, Cuanşer Burçuladze cəzasının üç ilini penitensiar müəssisədə çəkəcək, qalan iki il üçün isə şərti cəza tətbiq olunacaq. O, iki ildən sonra azadlığa çıxacaq.
Sabiq nazir həmçinin 1 milyon lari məbləğində cərimə də ödəməli olacaq. Bundan əlavə, onun müxtəlif növ əmlakı dövlət xeyrinə müsadirə edilib.
İş üzrə həbs olunan və səkkiz illik həbsə məhkum edilmiş Cuanşer Burçuladzenin qohumu Vasil Mxeidze və onun keçmiş müavini Giorgi Xaindrava bu ayın sonunda azadlığa buraxılacaqlar.
Qeyd edək ki, Cuanşer Burçuladze ötən ilin sentyabrın 11-də saxlanılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadədə və qanunsuz gəlirlərin leqallaşdırılmasında ittham olunurdu. O, bu ilin aprelində Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə 10 il müddətinə həbs edilmişdi.
Xatırladaq ki, Burçuladze Gürcüstanın müdafiə naziri postunu 2021-2024-cü illərdə tutub.