Noyabrın 20-də İsveçrənin müxtəlif şəhərlərində hərbi xərclərin artırılmasına və təhsil, səhiyyə sahələrinə ayrılan vəsaitin azaldılmasına qarşı keçirilən etiraz aksiyalarına 40 minə yaxın tələbə və gənc qatılıb.
APA xəbər verir ki, bu barədə “Keystone-SDA” agentliyi məlumat yayıb.
Məlumata görə, aksiyalar Sürix, Bern, Bazel, Cenevrə və Lozanna da daxil olmaqla, ölkənin təxminən 10 şəhərində keçirilib.
Etirazçılar Avropanın 800 milyard avroluq “ReArm Europe” silahlanma proqramına da qarşı çıxaraq dövlət vəsaitlərinin təhsil, səhiyyə və sosial müdafiəyə yönəldilməsini tələb ediblər.
Bəzi şəhərlərdə nümayişlər iğtişaşlarla müşayiət olunub. Bazel, Lozanna və Sürixdə polis gözyaşardıcı qaz, su şırnaqları və rezin güllələrdən istifadə edib. Bern şəhərində isə aksiya insidentsiz başa çatıb.
Etirazlar Avropanın bir sıra ölkələrində keçirilən beynəlxalq “Youth Strike” gənclər hərəkatının tərkib hissəsi olub.