Almaniyadakı hakim koalisiyadan olan siyasətçilər Müdafiə Nazirliyini hərbi obyektləri izlədiyi iddia edilən pilotsuz uçuş aparatları (PUA) ilə mübarizəni tez bir zamanda gücləndirməyə çağırıb.
APA xəbər verir ki, bu barədə "Bild" nəşri yazıb.
Nəşrin xəbərinə görə, "naməlum pilotsuz uçuş aparatları Almaniyada hər həftə hərbi poliqonlar və kazarmaların üzərindən uçsa da, bir ildən artıqdır ki, onların heç birini yerə endirə bilmirlər".
"Bild"in məlumatına görə, 2022-ci ilin oktyabr ayından bu kəşfiyyatçı PUA-ların meydana çıxdığı bildirilir.
"Onlar xüsusilə Almaniya Müdafiə Nazirliyinin ukraynalı hərbçilərə təlim keçdiyi poliqonlarda çoxdur. Bundesverin ukraynalılara "Leopard" tanklarında təlim keçdiyi Klitz hərbi poliqonu üzərində mütəmadi olaraq pilotsuz uçuş aparatları müşahidə olunur. Digər obyektlərdə bəzən bir neçə PUA eyni vaxtda hava məkanına daxil olur. Bu, açıq şəkildə təşkil olunub və Rusiyaya işarə edir", - almaniyalı hərbi ekspert "Bild"ə açıqlamasında bildirib.
Hərbi polisin dronlara qarşı radio dalğalardan istifadə etdiyi deyilir, lakin bu, vəziyyəti yaxşılaşdırmayıb.
"Bundesver də dron hücumlarının arxasında Moskvanın dayandığından şübhələnir, lakin bunu sübut edə bilmir. Çünki o, səmadan bir dənə də olsun PUA endirə bilməyib",- nəşr yazır.
Qeyd olunur ki, 2023-cü il noyabrın 15-də Bundesver pilotsuz uçuş aparatları üzrə xüsusi qrup yaradıb. Bununla belə, “iki aydan sonra hələ də nəzərəçarpacaq nəticə yoxdur”.