Şarl Mişelin Avropa İttifaqı Şurasının Prezidenti postundan vaxtından əvvəl istefa vermə planı açıqlandıqdan sonra bu posta əsas namizədlər arasında İtaliyanın keçmiş Baş naziri Mario Draqinin də adı hallanır.
APA xəbər verir ki, bu barədə "Financial Times" yazıb.
Aİ rəsmiləri və diplomatları "Financial Times"ə bildiriblər ki, Avropa Mərkəzi Bankının keçmiş prezidenti 76 yaşlı Draqi, Mişeldən sonra potensial bir seçim kimi tanınır.
"Financial Times" yazır ki, Aİ-nin əsas postlarını doldurmaq üçün prosesin ardıcıllığını proqnozlaşdırmaq çətindir, bu əsasən Aİ miqyasında keçirilən seçkilərin nəticəsindən asılıdır. Draqiyə yaxın mənbə isə bildirib ki, o, blokun aparıcı rollarından heç birinə gəlmək niyyətində deyil.
Mario Draqi 2022-ci ildə İtaliyanın baş naziri olduğu müddətdə növbədənkənar seçkilərdə postunu itirdikdən sonra ictimai həyatdan geri çəkilib. Lakin o, keçən il Avropa Komissiyasının prezidenti Ursula von der Leyen ondan blokun rəqabət qabiliyyətinin zəifləməsi ilə bağlı hesabat yazmağı xahiş etdikdə Aİ məsləhətçi rolunu alıb.
Avropa İttifaqı Şurasının rəhbəri postuna təqdim edilən digər adlar arasında İspaniyadan Pedro Sançes və Danimarkadan Mette Frederiksen kimi hazırkı baş nazirlər də var. Mario Draqidən fərqli olaraq, hər iki lider Avropanın böyük siyasi partiyalarına liderlik edirlər və bu, Aİ-nin təyinatlarında mühüm amildir. Aİ diplomatı Draqinin partiya mənsubiyyətinin olmamasının ona çətinlik yarad biləcəyini deyib.
"Financial Times" yazır ki, Roma hökuməti onun namizədliyini dəstəkləsə də, mərkəzi və şərqi Avropadan olan üzv dövlətlər uzun müddətdir ki, yüksək postların çox vaxt qərbi avropalılara verilməsindən şikayətlənir. Draqinin geniş təcrübəsi ona güclü imkanlkar yaratsa da, onun maliyyə inteqrasiyası da daxil olmaqla açıq siyasi fikirləri Almaniya kimi ənənəvi olaraq əks fikirdə olan ölkələri qıcıqlandıra bilər.