Türkiyə hakimiyyəti iyulun 17-də başa çatacaq Qara Dəniz Taxıl Təşəbbüsünün müddətinin uzadılması məqsədilə Rusiya və Ukrayna ilə dialoqu davam etdirəcək.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə “TASS”-a Rusiya tərəfinin taxıl müqaviləsinin uzadılmasına dair o qədər də ümidlərin olmadığı barədə bəyanatlarını şərh edən mənbə bildirib.
"Dialoq davam edəcək. Türkiyə onu həm Moskva, həm də Kiyevlə eyni vaxtda aparan yeganə ölkədir. Keçmişdə, xüsusən də Rusiyanın ötən il oktyabrın 29-da sazişdə iştirakını dayandırdığı zaman həll yolları tapmaq mümkün oldu. Böyük ehtimal var ki, məsələ müvafiq strukturlar tərəfindən işləndikdən sonra iki ölkə liderləri bunu müzakirə edəcəklər”, - mənbə bildirib.
Mənbə, həmçinin əlavə edib ki, Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrələrinin ixracının qarşısının açılması üçün danışıqlar BMT və Qərb ölkələrinin nümayəndələri ilə də müzakirə olunur.