"Türkiyə ilə Ukrayna arasındakı tərəfdaşlığın əlavə şərhə ehtiyacı yoxdur. Bu tərəfdaşlığı, əməkdaşlığı hər kəs görür. Bu, həqiqi sıx əməkdaşlıqdır".
APA xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba türkiyəli həmkarı Hakan Fidanla Kiyevdə keçirdiyi birgə mətbuat konfransında deyib.
"Xatırlatmaq istərdim ki, iki gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq "Krım Platforması" konfrasının iştirakçılarına müraciət ünvanladı. Biz bu çıxışı yüksək qiymətləndiririk", - deyə o bildirib.
Kulebanın sözlərinə görə. bu gün Türkiyə XİN rəhbəri Kiyevdə bir çox vacib görüşlər keçirib:
"Bu görüşlərin əsas mövzusunun Qara dəniz Taxıl sazişinin canlandırlması məsələsi olduğunu söyləsəm yəqin ki, bu heç kim üçün surpriz olmaz. Bizim bu məsələ ilə bağlı ortaq yanaşmamız var və bu təşəbbüsün canlandırlması üçün ortaq səylər göstəririk.
Biz bu gün müzakirələrimizdə Ukrayna Prezidenti Zelenskinin "Sülh Formulu"nda Türkiyənin yerini, eyni zamanda Ukraynanın bərpasında Türkiyə şirkətlərinin fəaliyyətini müzakirə etdik", - deyə Kuleba bildirib.
O deyib ki, bugünkü müzakirələr zamanı NATO-ya üzvlük prosesi ətrafında da fikir mübadiləsi aparılıb:
"Bu gün həmçinin Ukraynanın NATO-ya üzvlüyü məsələsini ətraflı şəkildə müzakirə etdik. Türkiyə bizim üçün çox vacib bir NATO tərəfdaşıdır. Türkiyə və Ukraynanı bir-birinə bağlayan sahələr o qədər geniş və çoxşaxəlidir ki, mənim Türkiyə ilə əlaqlərimizin daha da irəliləyəcəyi ilə bağlı heç bir şübhəm yoxdur", - deyə Dmitri Kuleba vurğulayıb.