Fransa polisi ölkə çempionatının "Marsel" - "Lion" matçının ləğvinə səbəb olan iğtişaşların iştirakçısı olduğu iddia edilən 9 nəfəri saxlayıb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Cerald Darmanin məlumat verib.
O, hadisələr zamanı 5 polis əməkdaşının yaralandığını, 9 iğtişaşçının saxlanıldığını deyib.
Nazir əlavə edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları iğtişaşların qalan iştirakçılarının saxlanılması üçün küçə müşahidə kameralarının görüntülərini öyrənməyə davam edəcəklər. Nazir klubların azarkeşlərinin monitorinqində daha fəal rol almasının lazım olduğu fikrini də bildirib.
Xatırladaq ki, oktyabrın 29-da axşam saatlarında, matç başlamazdan əvvəl bir qrup “Marsel” azarkeşi “Lion”un futbolçuları və məşqçilər heyətinin olduğu avtobusa daş atıb. "Lion"un baş məşqçisi Fabio Qrosso da xəsarət alıb. İğtişaşlar fonunda təşkilatçılar oyunun ləğv edildiyini elan ediblər.