Bank Of Baku

Müdafiə nazirinin vəzifədən uzaqlaşdırılması Kiyevdə etirazlara və istefalara səbəb olub

Müdafiə nazirinin vəzifədən uzaqlaşdırılması Kiyevdə etirazlara və istefalara səbəb olub
# 16 iyul 2026 11:25 (UTC +04:00)

Ukraynanın müdafiə naziri Mixail Fedorovun vəzifədən uzaqlaşdırılması paytaxt Kiyevdə etiraz aksiyasına və orduda ilk istefalara səbəb olub.

Bu barədə "RBK-Ukrayna" və "Suspilne" məlumat yayıb.

Məlumata görə, Kiyevdə Prezident Ofisinin yaxınlığında yerləşən İvan Franko Teatrının qarşısına yüzlərlə etirazçı toplaşıb. Aksiya iştirakçıları Prezident Volodimir Zelenskidən Fedorovu müdafiə naziri vəzifəsində saxlamağı tələb ediblər.

Etirazçılar əllərində "Fyodorovu geri qaytarın", "Ya dəyişəcəyik, ya da məhv olacağıq" şüarları yazılmış plakatlar qaldırıblar.

Fedorovun istefası ilə bağlı narazılıq Ukrayna Silahlı Qüvvələrində də özünü göstərib.

Hərbi Hava Qüvvələri komandanının müavini Pavel Yelizarov istefa ərizəsi yazdığını açıqlayıb.

"Təəssüf ki, müharibənin beşinci ilində Ukrayna Silahlı Qüvvələrindən istefa ərizəsi yazdım. Hesab edirəm ki, Mixail Fedorovun vəzifədən uzaqlaşdırılması ölkənin müdafiə qabiliyyəti üçün böyük zərbədir”, – Yelizarov sosial şəbəkədə bildirib.

O, paylaşımında istefa raportunu da dərc edib və qərarının əsas səbəbi kimi Fedorovun müdafiə naziri postundan uzaqlaşdırılmasını göstərib.

Prezident Volodimir Zelenski hökumətin yenilənməsi planı çərçivəsində Fedorovun vəzifədən çıxarıldığını təsdiqləyib. Ukrayna mətbuatının məlumatına görə, dövlət başçısı bu qərarı müdafiə naziri ilə Silahlı Qüvvələrin Baş komandanı Aleksandr Sırski arasında yaranmış kəskin fikir ayrılığı ilə əsaslandırıb.

Bu gün Ali Radanın yenilənmiş Nazirlər Kabinetini, o cümlədən yeni müdafiə və xarici işlər nazirlərini təsdiqləməsi gözlənilir. Məlumata görə, müdafiə naziri postuna əsas namizəd hazırkı daxili işlər naziri İqor Klimenkodur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR