Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi Ukraynanın Zaporojye AES-də təhlükəsizlik zonasının yaradılması barədə çağırış edib.
APA xəbər verir ki, Qrossi bu barədə AEBA-nın Direktorlar Şurasının iclasından əvvəl bildirib.
Qrossi vurğulayıb ki, AES-dəki vəziyyət orada nüvə təhlükəsizliyi və mühafizə zonasının yaradılmasına zərurət yaradır: “Ukrayna və Rusiya tərəfləri ilə məsləhətləşmələrimi daha da sürətləndirdim, tez bir zamanda bu mühüm tədbiri həyata keçirmək üçün sizin aktiv və davamlı dəstəyinizi gözləyirəm”.
AEBA rəhbəri onu da əlavə edib ki, Ukraynadakı hərbi əməliyyatlar və AES-dəki gərgin iş şəraiti stansiyanın nüvə təhlükəsizliyini şübhə altına salır.