Rusiyanın Romnidəki məktəbə hücumu nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko "Telegram"da bildirib.
Onun sözlərinə görə, Dövlət Fövqəladə Hallar Xidmətinin xilasediciləri məktəb direktoru, direktor müavini, katib və kitabxanaçının meyitlərini dağıntıların altından çıxarıb.
Nazir bildirib ki, dağıntıların altından həlak olanların meyitlərinin çıxarılması əməliyyatı başa çatıb.
"Həmçinin, partlayış zamanı təhsil müəssisəsinin yanından keçən 4 yerli sakin xəsarət alıb. Fotoda məktəbin xarabalıqları arasında sığınacağa salamat qalmış giriş var. Təəssüf ki, insanlar həyəcan siqnalı zamanı təhlükəsiz yerə enməyiblər. Düşmənimiz məkrlidir. Dinc şəhərləri dağıtmaq, dinc əhaliyə qarşı terror törətmək rus işğalçılarının vəhşi ənənəsidir. Buna görə təhlükəsizlik qaydalarına riayət etmək vacibdir: həyəcan siqnalı verilir - sığınacağa gedin. Özünüzün və yaxınlarınızın qayğısına qalın", - nazir bildirib.
***
14:01
Rusiya aviasiyasının hücumu nəticəsində Ukraynanın Sumı vilayətinin Romnı şəhərində məktəb binası dağıdılıb, ölənlər və yaralananlar var.
APA xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko "Telegram"da bildirib.
"Sumı vilayətinin Romnı şəhərində ruslar məktəb binasını dağıdıb və 2 təhsil işçisini öldürüblər. Dövlət Fövqəladə Hallar Xidmətinin xilasediciləri onların cəsədlərinin dağıntılar altından çıxarıb. Daha 3 nəfər yaralanıb", - nazir paylaşımında bildirib.
Onun sözlərinə görə, məktəbin daha iki əməkdaşının dağıntılar altında qalması barədə məlumat var. Klimenko qeyd edib ki, axtarış-xilasetmə əməliyyatı davam edir.
Qeyd edək ki, bu gün Sumı vilayətinin hərbi administrasiyası məlumat yayıb ki, saat 10:05-də Rusiyanın "Şahed" tipli pilotsuz uçuş aparatı Romnı şəhərində təhsil müəssisəsini vurub.