Rusiya ordusunun Ukraynanın Dnepropetrovsk və Zaporojye bölgələrinə hücumları nəticəsində 11 nəfər ölüb, 26 nəfər yaralanıb.
“Unian” xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, 10 avqust axşamı və 11 avqust gecəsi Rusiya qoşunları Dnepropetrovsk və Zaporojyeyə kütləvi şəkildə hücum edib.
Dnepropetrovsk vilayətində 5 nəfər ölüb, daha yeddi nəfər isə yaralanıb, onların arasında üç azyaşlı da var.
Bildirilib ki, Rusiya qoşunları Zaporojyeyə raketlərlə və idarə olunan aviabombalarla zərbə endirib. Hücum nəticəsində altı nəfər – 5 kişi və 1 qadın ölüb. 19 nəfərin yaralandığı qeyd olunub.
Hücumlar nəticəsində yaşayış binalarına, sənaye infrastruktur obyektlərinə ziyan dəyib.
***
06:16
Rusiyanın Ukraynanın Zaporojye şəhərinə həyata keçirdiyi raket hücum nəticəsində 5 nəfər ölüb, 20 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə vilayətin qubernatoru İvan Fyodorov məlumat verib.
Məlumata görə, hücum zamanı Rusiya qüvvələri raketlər və aviasiya bombalarından istifadə edib.
Şəhərdə yaşayış və digər obyektlərə ciddi ziyan dəyib, bəzi binalarda yanğın olub.
Zərərçəkənlər xəstəxanalara yerləşdirilib.