Serbiya parlamentinin deputatları ikinci gündür yeni çağırış qanunverici orqanın sədrinin seçilməsi ilə bağlı səsvermə keçirə bilmirlər.
APA xəbər verir ki, hakim “Tələbə siyahısı” parlament sədrliyinə Belqrad Universitetinin nəqliyyat fakültəsinin dosenti Aleksandar Çupiçin namizədliyini irəli sürüb.
Yeni sədr seçilənədək parlament iclaslarına ən yaşlı deputat, müxalif Serbiya Tərəqqi Partiyasının nümayəndəsi Stoyan Radenoviç rəhbərlik edir.
“Tələbə siyahısı”nın bir sıra nümayəndələri səsverməyə daha tez keçmək üçün çıxışlarından imtina ediblər. Müxalifət deputatları isə müzakirələrdə fəal iştirak edirlər. Parlamentin növbəti iclası cümə axşamı keçiriləcək.
Deputatlar çərşənbə axşamı and içiblər. Bundan sonra 90 gün ərzində ölkədə yeni hökumət formalaşdırılmalıdır. Əks halda parlament buraxılacaq və növbədənkənar seçkilər keçiriləcək.
Qeyd edək ki, Serbiyada növbədənkənar parlament seçkiləri oktyabrın 25-də keçirilib. Seçkilərdə hökuməti müstəqil şəkildə formalaşdırmaq üçün kifayət qədər mandat qazanan “Tələbə siyahısı” qalib gəlib.