NATO İsveçin mümkün qədər tez alyansa qoşulması üçün çalışır və bu həftə Vilnüsdə keçiriləcək sammitdə müsbət qərar veriləcəyinə inanır.
APA xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Vilnüsdə Litva Prezidenti ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveçin NATO-ya üzv olmasının təsdiqlənməsi üçün Avropa İttifaqının “Türkiyənin bloka qoşulması” istiqamətində yolunun açılması çağırışına da münasibət bildirib.
Stoltenberq Türkiyənin Aİ-yə üzv olmaq ambisiyasını dəstəklədiyini bildirib.
Ancaq Stoltenberq əlavə edib ki, Türkiyə İsveçə verilən şərtlərin ilkin siyahısına sadiq qalmalıdır. Stoltenberq Türkiyənin İsveçlə bağlı haqlı narahatlıqlarının olduğunu da etiraf edib, lakin Stokholmun bu narahatlığı həll etmək istiqamətində çalışdığını xatırladıb.
O vurğulayıb ki, Türkiyə İsveçi alyansda görmək istəyən digər müttəfiqlərin də qanuni narahatlıqlarını başa düşməlidir, çünki belə bir addım NATO-nu gücləndirəcək.