Tbilisidə parlament binasının qarşısında keçirilən aksiyada 13 nəfər saxlanılıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb. Bildirillib ki, onlar polisin qanuni tələbinə məhəl qoymama və xırda xuliqanlığa görə saxlanılıblar.
DİN aksiya zamanı yol verilən bütün qanunsuz halların araşdırılacağını bəyan edib.
***
18.59
Gürcüstan DİN xüsusi təyinatlı polis dəstələrini və polisə məxsus xüsusi vasitələri parlament binasının ətrafından geri çəkib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, aksiya işyirakçıları yenidən Rustaveli prospektində parlamentin qarşısına qayıdıblar. Etirazçılar hazırda binanı mühasirəyə alırlar.
***
17.49
Tbilisidə parlament binasının yerləşdiyi Rustaveli prospektində gərginlik davam edir.
APA-nın yerli bürosu xəbər verir ki, hazırda polis parlament binasını tam nəzarətdə saxlayır, etirazçılar binanın ətrafından tam çıxarılıblar.
Əraziyə çox sayda polis xüsusi təyinatlıları və su şırnağı maşınları cəlb edilib. Etirazçılar hökumət əleyhinə, həmçinin qanun layihəsi əleyhinə müxtəlif şüarlar səsləndirirlər.
***
17:16
Gürcüstan parlamentinin plenar sessiyasında "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin üçüncü və sonuncu oxunuşda qəbul olunmasından sonra Tbilisidə toqquşmalar başlayıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, parlament binasının qarşısında toplaşan etirazçılara polis müdaxilə edib.
Toqquşmalar zamanı çox sayda saxlanılanların olduğu, əraziyə su şırnaqları ilə müdaxilə edildiyi bildirilir.
Xüsusi təyinatlı polis Rustaveli prospektinin təmizlənməsinə başlayıb.
Polis parlament binasının yerləşdiyi bütün küçələri tutub.